Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar yarış keçirildi
Ümummilli lider Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyi ilə əlaqədar olaraq, 24 noyabrda Dənizkənarı Milli Park (Kukla teatrının arxası) ərazisində 100 km məsafəyə qaçış tədbirinin açılışı gecə saat 03:00-da baş tutub.
Azərbaycanda ilk dəfə 100 km məsafəyə ultramarafon yarışı təşkil olunub. Ulu öndər Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyinə həsr edilmiş qaçış tədbiri Dənizkənarı Milli Park ərazisində keçirilib.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə baş tutan ultramarafonda yerli idmançılarla yanaşı Türkiyə idmançıları və 50-yə yaxın iştirakçı mübarizəyə qoşulub.
Yarışa gecə saat 03:00-da start verilib. Yekunda Türkiyə milli komandasının üzvü Üzeyir Söylemez 7 saat 37 dəqiqə 56 saniyə göstərici ilə ultramarafonun qalibi olub. Ağa Əliyev 8:31.22 nəticə ilə 2-ci yeri tutub. Artyom Əliyev isə finişə 3-cü gəlib. Qadınlar arasında Leyla Abdinova 10:57.57 göstərici ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Natalya Vallek 2-ci, Cəmilə İrəfiyeva isə 3-cü olub.
Qaliblərin mükafatlandırma mərasimində Azərbaycan atletikasının 100 illiyi ilə əlaqədar Bakıya gələn Avropa Atletika Assosiasiyasının prezidenti Dobromir Karamarinov, Gənclər və İdman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov iştirak edib. Dobromir Karamarinov Azərbaycan Atletika Federasiyasının etibarlı tərəfdaş kimi Avropa Atletikası ailəsində əhəmiyyətli yerə malik olduğunu bildirib.
Yarışın açılışından öncə həmin günü saat 17:00-da yarış iştirakçıları və qonaqlar ilə birlikdə bu qaçış tədbirinin sponsorlarından biri olan İdman sarayı yaxınlığında yerləşən Yaban Bulvar Restoranında tədbir keçirilib. Qonaqlar və yarış iştirakçıları öz çıxışlarını etdilər və yarış öncəsi məsləhətlərini paylaşıblar. Yarış sonrası qaliblərə təqdim edilməsi üçün Yaban Bulvar Restoranı 2 nəfərlik pulsuz səhər yeməyi kuponlarını təqdim edib. Yaban Bulvar Restoranı, həmçinin, qonaqlar üçün yemək və içkilər təqdim etdi, tədbirin sonunda qonaqlarla bir yerdə xatirə şəkili çəkilib.
Bu qaçış tədbirinin təşkil olunmasında sponsorluq edən şirkət və markaların arasında Yaban Bulvar Restoranı, Sırma Suları, Erdinger Alkoqolsuz İçki, Jiquli Alkoqolsuz İçki və Swell Meyvə Şirələri yer alırdı.